YANLIŞ FİKİRDƏN QURTULMAQ
Bir fikrə etiraz etmək və ya onu tamamilə inkar etmək üçün əvvəl bu fikir haqqında ətraflı məlumat toplamaq lazımdır. Bir fikir, təklif və nəsihətdən heç nə oxumadan qaçmaq, bu mövzuya qarşı irəli sürüləcək alternativin olmadığını göstərir.
Bu vəziyyət Quran ayələrini dinləmək istəməyən şəxsin məntiqidir. Qurandan üz çevirənlərdən niyə Quranı dinləmədikləri, oxumadıqlarını soruşsaq, onların cavabları əvvəlki səhifələrdə qeyd etdiyimiz kimi, ya əzbərlənmiş ön mühakiməyə, ya da sadəcə zənn və təxminlərə əsaslanar. Bu şəxslərin Qurandan səmimiyyətsiz şəkildə qaçdıqlarının ən bariz nümunəsi isə Quran haqqında heç bir məlumatlarının olmamasıdır.
Əslində, bu, bir çox insanın bütün həyatını bürüyən böyük xətadır. İnsanların əksəriyyəti yanlış fikir ucbatından öz düşüncələrinə qarşı olan fikirləri öyrənməz, onların kitablarını oxumaq istəməzlər. Kommunist düşüncəyə sahib olanlar sadəcə öz fikirlərini müdafiə edən, faşistlər faşist düşüncəyə sahib olan şəxslərin, ateistlər də ateistlərin kitablarını oxuyarlar.
Ancaq bu vəziyyət insanların dünyagörüşünün artmasının qarşısını alır. Bir mövzu haqqında məlumatsız biri ilə o mövzu haqqında danışmaq, ona o fikrin yanlış və ya doğru tərəflərini izah etmək mümkün deyil.
Hər mövzuda məlumata yiyələnmək isə insanın qərar və fikirlərinin doğru və məqsədəuyğun olması baxımından vacibdir. Çünki məlumatsız insan hər cür təlqinə açıq olur. Bu səbəbdən, yanılma ehtimalı daha çoxdur. Şüurlu, mədəni, azad düşüncəli və dünyagörüşlü insanın baxışı isə daha geniş və təhlilləri daha ətraflıdır. Fikirləri də əzbərə deyil, konkret dəlillərə əsaslanır. Məhz belə insanlara yanlışları izah etmək, doğruları göstərmək daha asandır.
İman gətirənlər üçün bu vəziyyət başqa prizmadan vacibdir. Qurandan ətraflı məlumatı olan, eyni zamanda, mədəni və geniş məlumat sahibi olan möminin ətrafında baş verənlərə baxışı daha kəskin, qərarları daha məqsədəuyğun olur. Məsələn, dinsiz ideologiyaları, onların məntiqlərini və vəd etdikləri sistemlərin təhlükələrini bilən bir mömin Quranda tərif edilən əxlaqın üstünlüyünü təqdir edə bilir. Qurana qarşı olan kommunizm, faşizm və ya anarxizm kimi fikirlər haqqında məlumat sahibi olan bir mömin bu fikirləri Quranla analiz edərək insanlığa verdiyi zərərlərin fərqinə vara bilir. Beləliklə, insanlara bu zərəri bildirə bilər və doğru yolun Quran əxlaqını yaşamaq və yaşatmaq olduğunu izah edə bilər.
Məhz bu səbəbdən, insanların inkarda yarışdıqları bir dövrdə hər müsəlmanın üzərinə düşən vəzifə hər fikir haqqında məlumat toplamaq, Qurana qarşı fikirlərlə elmi mübarizə aparmaq üçün özünü yetişdirmək və mədəniyyətini, dünyagörüşünü artırmaqdır. Baş verən hadisələr qarşısında reaksiyasız qalmaq, "qarşı tərəf bunları deyir, biz də belə cavab verək" kimi düşünməmək, çıxış yolları axtarmamaq müsəlmana yaraşmaz. Müsəlman böyük şövq, əzm və imanla Quranda bildirilən həqiqətləri qəlbən yaşamalı, bir yandan da Qurana qarşı fikirlərin zərərlərini, pisliklərini, bu iddiaların yanlış tərəflərini öyrənməlidir. Çünki digər insanlara din əxlaqını izah etmək, dinə qarşı olan insanlarla fikri mübarizə aparmaq ancaq onların fikirlərini bilməklə mümkün ola bilər.
Bundan başqa, Quranda Allah`ın bir çox ayəsi ilə xəbər verdiyi bütpərəst dinləri tanımaq, haqq dinləri necə degenerasiyaya uğradığını bilmək də vacibdir. Bununla keçmişdə baş verənlərin dövrümüzdə hansı formalarda ortaya çıxdığını görmək mümkün olur. Bu səbəbdən, Quranda “ataların dini” kimi vurğulanan batil dinləri, totem anlayışını da öyrənmək lazımdır. Belə ki, Quranda digər dinlərdən, müşriklərdən lat, uzza və mənata tapınan cəmiyyətlərdən bəhs edilir, iman gətirənlərin bu cür mövzular barədə məlumat əldə etmələrinin vacibliyinə diqqət yetirilir. Dolayısilə, müsəlman digər inancları, ideologiyaları və fəlsəfələri yaxşı bilməli, kitablarını oxumalı və hər biri haqqında məlumata yiyələnməlidir.
Müsəlmanın öyrənməli olduğu mövzuların sayını dilədiyimiz qədər artıra bilərik. Çünki Quranda bir çox elmə - biologiya, astronomiya, arxeologiya, botanika, coğrafiya, tarix, kimya, psixologiya, incəsənət kimi bütün həyatımızı əhatə edən məlumatlara diqqət çəkən ayələr var. Bu ayələrdən anlayırıq ki, əsas məlumatlara, mədəniyyətə sahib olan imanlı bir şəxs Allah`ın yaratdığı hər şeyi incəliklərinə qədər öyrənər, gördüyü mükəmməlliyi diqqətlə araşdırar, dolayısilə, özünü və kainatda var olan hər şeyi yaradan Allah`a dərin imanla bağlanar. Bundan başqa, elmi texnologiyadan xəbərdar olmaq Quranın möcüzələrinin görünməsində də vacib addım olacaqdır. Belə ki, "... Allah`dan Öz qulları arasında ancaq alimlər qorxarlar... (Fatir surəsi, 28)” ayəsi ilə də məlumat və fikir sahibi olmağın vacibliyinə diqqət çəkilmişdir.
Müsəlmanın üzərinə düşən vacib öhdəlik
İnsanların əksəriyyəti Allah`a və Qurana iman gətirdiklərini söyləyirlər. Ancaq bu insanların əksəriyyəti ömürləri boyu bir dəfə də Quranı oxumamış və Quranda bildirilən əxlaqı, ibadətləri və hökmləri yerinə yetirməmişlər. Halbuki, bütün həyatını Qurandan xəbərsiz keçirmək və ya sadəcə iman gətirdiyini söyləyib Quranda tərif edilən həyatı yaşamamaq Allah`ın razı olmadığı bir davranışdır. Allah “Ənkəbut” surəsində bu şəkildə bildirir:
İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır. (Ənkəbut surəsi, 2-3)
Dolayısilə, Allah`a və Qurana iman gətirdiyini söyləyən hər kəsin Quranı oxuması, ayələr üzərində dərin düşünməsi, Allah`ın bütün insanlar üçün göndərdiyi Kitabı çox yaxşı öyrənərək tətbiq etməsi vacibdir. Çünki insanlar qiyamət günündə Qurandan və bütün etdiklərindən hesaba çəkiləcəklər.
İnkarçılar isə heç oxuyub-öyrənmədən sahib olduqları yanlış fikirləri səbəbindən Quranı inkar edirlər. Bir dəfə belə oxumadıqları, üzərində diqqətlə düşünmədikləri halda, Quranda xəbər verilən həqiqətlərdən qaçmalarının səbəbi imansızlıqlarından vaz keçməmələridir. Oxuyub-öyrəndikdən sonra nəticəyə varmağın əvəzinə: "Oxusam da, fikirlərimdən və ön mühakimələrimdən vaz keçməyəcəm", -deyərək, onlara səmimi şəkildə yaxınlaşanları əvvəlcədən rədd edərlər.
Əvvəlki səhifələrdə qeyd etdiyimiz kimi, insanların əksəriyyəti Qurandan uzaq durarkən, ayələri inkar edərkən daim ətraflarındakı insanların təsiri altında qalırlar. Bəziləri din əxlaqını bilməyən və fərqli şəkildə tətbiq edən bir insanın təsiri üzündən dindən soyuyur, bu yanlış məlumatların təsirindən illərlə qurtula bilmir. Bəziləri isə ateist və ya dinə düşmən olan bir inkarçıdan eşitdiyini özünə ölçü götürür, bütün həyatını bu düşüncələrin əsasında qurur. Bu insanların ən böyük səhvi yanlış insanlardan eşitdikləri və oxuduqları ilə din haqqında qərar vermələridir.
Allah qatında əsl din Quranda bildirilən haqq dindir. Dolayısilə, din əxlaqını (istər inanan, istər inanmayan) öyrənmək istəyən hər insan ilk növbədə Qurana müraciət etməli və Quranı səmimiyyətlə oxumalı, ayələr üzərində dərindən düşünməlidir.
Məlumatsız və şüursuz şəkildə, sadəcə belə gördüyü və öyrəndiyi üçün Qurandan qaçmaq, bunu edən hər insan üçün böyük itkidir və belə itkinin (Allah`ın diləməsindən başqa) axirətdə əvəzi yoxdur. Bu səbəbdən, ağıllı və vicdanlı hər insan Allah`ın seçdiyi və Peyğəmbərimizə (s.ə.v) vəhy edərək göndərdiyi Kitabı oxuyub-öyrənməlidir. Allah Quranın insanları qurtuluş yollarına çatdıracağını bir ayədə belə bildirir:
... Artıq sizə Kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən Elçimiz gəlmişdir. Artıq sizə Allah`dan bir nur və açıq-aydın bir Kitab gəldi. Allah Onun rizasını arayan şəxsləri əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir. (Maidə surəsi, 15-16)
Allah “Təkvir” surəsində insanlara Qurandan qaçmamağı tövsiyə edir:
Bu, daşqalaq olunmuş şeytanın sözü də deyildir. Elə isə hara gedirsiniz? Bu, aləmlərə yalnız bir nəsihətdir – sizlərdən doğru (yolda) olmaq istəyənlər üçün. (Təkvir surəsi, 25- 28)
Məhz bu səbəbdən, iman gətirənlərin üzərinə vacib vəzifə düşür: insanların Allah`ın ayələrindən qaçmasının qarşısını almaq üçün ciddi şəkildə səy göstərmək. Bunun üçün ilk növbədə elmlə insanlara Quranın sonsuz hikmətlərini izah etmək, Allah`ın yaradılış möcüzələrinə diqqət çəkmək, hər insanı yaradılış həqiqətindən, Quran əxlaqının nəsib etdiyi gözəlliklərdən xəbərdar etmək lazımdır. Əlbəttə ki, insanların əksəriyyəti bu həqiqətləri dinləmək və oxumaq istəmirlər. Ancaq bir müsəlman dinləyib oxumaq istəməyənlər üçün də dinləyə biləcəkləri və oxuya biləcəkləri şəkildə əsərlər yazmalı, hər alternativdən axıra qədər istifadə etməlidir.